Holdinq rəhbərinin müraciəti
Elçin Muradov, EL Holdinqin prezidenti
Əziz müştərilərimiz, tərəfdaşlarımız və həmkarlarımız!
Azərbaycanda biznesin müxtəlif sahələrində fəaliyyət göstərən iri şirkətlər qrupundan biri olaraq, ölkəmizin tərəqqisi, sahibkarlığın inkişafı və xalqımızın rifah halının yüksəldilməsinə dəyərli töhfələr vermək kimi missiya daşımağımızdan qürur duyuruq.
Hələ 1988-ci ildə, Azərbaycanda özəl sektorun inkişafının ilk illərində yaradılmış şirkətlərimiz bu gün sənaye istehsalı, tikinti, yük daşımaları, turizm və ticarət kimi sahələrdə uğurla çalışır. Fəaliyyətimizin mühüm istiqamətlərindən biri də tanınmış brendlərin Azərbaycanda təmsilçiliyinin təşkili və yüksək keyfiyyətli məhsulların Azərbaycana gətirilməsidir.
Ölkəmizin son illərdə sürətli inkişafı və iqtisadi gücü, etibarlı biznes tərəfdaşı imicinin güclənməsi fəaliyyətimizin daha da genişlənməsi üçün zəmin yaratmışdır.
Bütün bu illər ərzində uğurlu fəaliyyətimizi biznes prinsiplərinə sadiq qalaraq bütün sahələrdə mükəmməllik nümayiş etdirmək, tərəfdaşlarımız və müştərilərimizin rəğbəti, korporativ idarəetmə sisteminin tətbiqi və peşəkar komandamız sayəsində təmin etməyə nail olmuşuq. Tərəfdaşlarla uzunmüddətli əməkdaşlığımızın əsasını səmimiyyət, şəffaflıq, dəyərlərə hörmət və müştəri məmnunluğu prinsipləri təşkil edir.
Həyata keçirdiyimiz layihələrin və ümumi fəaliyyətimizin keyfiyyətinin daim yüksəldilməsi və professionallığın artırılması məqsədilə əməkdaşlarımız mütəmadi olaraq, ölkədə və xaricdə keçirilən təlim və konfranslarda iştirak edirlər. Mütəmadi olaraq, istehsal sahələrindəki texnologiyalar yenilənir və nano-texnologiyalar tətbiq edilir.
Bu gün biz fəaliyyətimizi Azərbaycanın hüdudlarından kənarda da davam etdirir, bir sıra ölkələrdə müxtəlif biznes layihələrdə fəal iştirak edir və strateji tərəfdaşlarımızın artırılmasına çalışırıq.
Azərbaycanda mövcud siyasi stabillik və davamlı iqtisadi inkişaf bizim də fəaliyyətimizin genişlənməsi üçün geniş imkanlar yaradır. "EL Holdinq" olaraq bundan sonra da müxtəlif layihələr və mövcud resursların Azərbaycana cəlb edilməsi vasitəsilə xalqımızı yüksək keyfiyyətli və zövqlü məhsullarla təchiz etmək missiyamızı davam etdirəcəyik.